Heyvandarlıq

Ana səhifə Heyvandarlıq
İntensiv heyvandarlığın inkişafı ölkəmizdə ət və süd istehsalının artmasını təmin etmişdir. Son 10 ildə heyvandarlıq sahəsində müasir tələblərə cavab verən idarəetmə sisteminin formalaşdırılması, qapalı yemləmə siteminin tətbiqi, heyvanların sağlam cins kimi yetişməsi üçün ferma komplekslərinin qurulması iribuynuzlu intensiv heyvandarlığa marağı artırıb. Belə ki, müasir tələblərə cavab verən heyvandarlıq kompleksləri yaradılıb və dövlət xətti ilə güzəştli şərtlərlə xaricdən gətirilərək sahibkarlara verilən damazlıq və məhsuldar heyvanlarla bu sahədə ciddi dəyişikliklərə nail olunub.

Hazırda ölkənin illik süd və süd məhsullarına olan ehtiyacı 2 milyon tona yaxındır və bunun təxminən 90 faizə yaxını yerli istehsal hesabına formalaşır və idxaldan asılılıq yox səviyyəsindədir. Son 10 ildə ölkə üzrə illik süd istehsalı 1,5 milyon tondan 2 milyon tona yüksəlib. Növbəti mərhələdə isə yeni heyvandarlıq təsərrüfatlarında yetişdirilən damazlıq heyvanların fərdi fermerlərə və ev təsərrüfatlarına satışı ilə ölkə üzrə cins tərkibinin sağlamlaşdırılmasının, ət və süd məhsullarının istehsalının daha da artması gözlənilir. İntensiv damazlıq təsərrüfatlarının yetişdirdiyi heyvanların yerli fermer və ev təsərrüfatlarına satılması sisteminin qurulması ilə xaricdən damazlıq heyvan idxalının da azalması təmin ediləcəkdir.

Növbəti illərdə qapalı saxlanılan təsərrüfatların yem təminatının bir hissəsinin fermerlərin özləri tərəfindən təmin edilmə imkanlarının yaxşılaşdırılması, süd emal müəssisələri ilə südçülük təsərrüfatları arasında uzunmüddətli müqavilələrin bağlanması (hazırda bu müqavilə, əsasən 3 aylıq bağlanır) və süd istehsalının maya dəyərinə bağlı qiymət siyasətinin qarşılıqlı formalaşdırılması intensiv iribuynuzlu heyvandarlıq təsərrüfatlarının inkişafını təmin edəcək əsas amillərdir.
Baş ofis
Ünvan: Bakı şəh., M.Araz küç. 25
Telefon: +99412 562 5098
İstehsal müəssisəsi
Ünvan: Ucar rayonu
Telefon: +99412 562 5098